-Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək. (Heydər Əliyev)

-Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir. (Heydər Əliyev)

DÖVLƏTƏ BAĞLILIQ VƏ ƏXLAQ

“İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Qurani-kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”. HEYDƏR ƏLİYEV 
Buraya qədər dövlətə bağlılığın əhəmiyyətini fərqli prizmalardan araşdırdıq. Vətəndaşlarımızın dövlətimizə daima hörmət etmələrinin lazım olduğunu, ancaq bu şəkildə sülh, hüzur və rifah təmin edilə biləcəyini açıqladıq. Ancaq bütün bu məntiqi səbəblərdən başqa dövlətə bağlılığı təmin edən əsl amil cəmiyyətdə görünən əxlaq anlayışıdır. 
Əgər bir cəmiyyətdə mənfəətpərəstlik geniş şəkildə yayılarsa, üsyan və qarşıdurma məqbul görülərsə, hörmət və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o cəmiyyətin fərdlərinin dövlətə bağlı olmaları da düşünülə bilməz. Çünki dövlətə bağlılığın təməlində müəyyən tərbiyə və əxlaq dayanır. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda ifadə etdiyimiz pis əxlaq xüsusiyyətləri cəmiyyətdə yayılarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən ortadan qalxmağa başlayar. 
Haqqında danışdığımız tərbiyə və əxlaqın təməlində isə dini inanclar durur. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin: “Biz azərbaycanlılar - bu, sonradan gələcək bütün nəsillərə də tövsiyə olunur - heç vaxt imanımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”, -sözü bu həqiqəti açıq şəkildə ortaya qoyur.

Fərqli siyasi fikirlərin dövlətə bağlılıqda birləşməsi

“İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır”. HEYDƏR ƏLİYEV 
Demokratik cəmiyyətdə ölkə məsələlərinin həllində hər kəsin və hər qrupun fərqli fikirləri ola bilər. Məsələn, bəziləri azad bazar iqtisadiyyatını müdafiə edə bilər, bəziləri qarışıq iqtisadiyyatın faydalı olacağını düşünər. Eyni qaydada xarici siyasətdən tutmuş ölkənin abadlaşdırılması məsələlərinə qədər hər mövzuda fərqli fikirlər ola bilər. Dünyagörüşü cəhətdən də cəmiyyətin bir hissəsi daha mühafizəkar, bir hissəsi daha liberal olar. Amma əhəmiyyətli olan bütün bu fərqli siyasi və mədəni cərəyanların dövlətə bağlılıq mövzusunda ortaq davranış göstərmələridir. 
Çünki bütün bu qruplar Azərbaycan Respublikasının tərkib hissəsidir və ancaq Azərbaycan dövləti güclü olduğu təqdirdə müstəqil millət olaraq yaşamaq imkanına sahibdirlər. Öz aralarında siyasi mübarizə apara bilər, fərqli partiyalar qura bilərlər. Amma hamısı dövlətə sadiq, dövlətin və dövlət təşkilatlarının qorunması mövzusunda eyni həssaslıqda olmalıdır.

PROBLEMLƏRİN DÖVLƏTƏ BAĞLILIQLA HƏLLİ

Buraya qədər nəzərdən keçirdiklərimiz bizə iki əhəmiyyətli nəticəni göstərir: 
1. Bir millətin varlığı və davamlılığı üçün güclü dövlətə sahib olmaq lazımdır. 
2. Azərbaycan Respublikası vətəndaşlarının mənafeyini güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin yeganə təminatı olan dövlətdir. 
Dolayısilə, Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Heç bir vətəndaşımız dövlət qurumlarına zərər verən, bu qurumların faəliyyətini ləngidən və ya dövlətin əsas dəyərlərinə ziyan vuran heç bir fəaliyyətə qətiyyən yol verməməlidir. Milli vəzifəmiz həmişə dövlətin yanında olmaqdır. Buna zidd fəaliyyət göstərən insan öz oturduğu evin bünövrəsini qazan şəxs kimi öz varlığına və gələcəyinə zərər vermiş olar.

Anarxizmin yanlışlığı

Anarxizm sol ideologiyaların ən marjinalı kimi qəbul edilir. Anarxizm yunan sözü olub “özbaşınalıq” deməkdir. Bu ideologiyanın tərəfdarları dövlətin cəmiyyətə zərər verən bir qurum olduğunu iddia etmiş və insanların azadlıq və sülhə qovuşması üçün dövlətin ortadan qaldırılmasının lazım olduğunu müdafiə etmişlər. Dövlətlə yanaşı, dinə də qarşı çıxmış və dinin məhv edilməsinə çalışmışlar. Fransa inqilabından sonra ortaya çıxan bu ideologiya xüsusilə 19-cu əsrdə məşhurlaşmış, Rusiyada Bolşevik inqilabının (1917) hazırlanmasında da rol oynamışdır. 
Əvvəlcə, anarxizmin tamamilə xəyali və həqiqətlərdən uzaq fikir olduğuna diqqət yetirmək lazımdır. Çünki dünyanın heç bir ölkəsində heç bir zaman bu ideologiya tətbiq olunmayıb. Heç bir zaman dövlətin ləğv edilib anarxist cəmiyyətin qurulması hadisəsi baş verməyib. Yalnız bəzi böhran zamanlarında dövlətlərin nüfuzu zəifləmiş, bunun nəticəsində isə cəmiyyətə sülh və rifah deyil, əksinə yalnız çəkişmə, qarşıdurma və talan gəlmişdir. 
Başqa cür mümkün də deyil. Çünki dövlətin olmadığı şəraitdə cəmiyyətin öz-özünü təşkil edərək asayiş və sabitlik meydana gətirməsi qeyri-mümkündür. Dövlətin olmadığı bir mühitdə qanunlar da olmaz. Bu halda “cinayət” anlayışı ortadan qalxar və hər kəs istədiyi hərəkəti rahat şəkildə edə bilər. İstəyən hər kəs başqasının malına və ya canına qəsd etdiyində bu cinayəti “cinayət” olaraq müəyyən edən və mane olan bir nüfuzun olmadığı üçün qarşısında heç bir maneə görməz. Oğrular istədikləri malı oğurlayar, qatillər istədiklərini öldürər, onları dayandıran polis və ya mühakimə edən məhkəmə olmaz. 
Belə bir cəmiyyət isə meşə qanunlarının hakim olduğu “sürü”yə çevrilər. İnsanların dincliyinin, şəxsiyyət və mülkiyyət toxunulmazlığının olmadığı bu sürü əslində “insan cəmiyyəti”ndən çox heyvan dəstələri kimi yaşayar. Maraqlısı budur ki, bu nəticə anarxistlərin fəlsəfəsinə tam uyğundur. Çünki anarxistlər də eynilə marksistlər kimi Darvinin ortaya atdığı “insanın təkamülü” nağılına inanır və dolayısilə, insanı “inkişaf etmiş heyvan növü” kimi qəbul edirlər. 
Ancaq tarix anarxizmin tamamilə yanlış bir fəlsəfə olduğunu saysız misallarla sübut edir. Anarxistlər dövlətin aradan götürülməsinin sülh və rifaha gətirəcəyinə inanırlar. Halbuki siyasi tarixə nəzər yetirdikdə dövlət hakimiyyətinin ortadan qalxdığı hər dövrdə qanlı xaos mühitinin olduğu görünür. Orta əsrlər boyu siyasi nüfuzun ortadan qalxdığı dövrlər həmişə qarət, talan və qırğın dövrləri olmuşdur. Anarxizmin çıxış nöqtəsi sayılan Fransa inqilabı tarixin ən qanlı siyasi hərəkatlarından biridir. Fransa inqilabında, xüsusilə də inqilabın “Terror dövrü” olaraq tanınan mərhələsində on minlərlə insan edam edilmiş, inqilabın Robespyer kimi öndə gələnləri də daxil olmaqla, bir çox insan gilyotinə göndərilmişdir. İnqilabdan sonra Fransa on beş ildən çox müddətdə hüzura qovuşa bilməmişdir. Nizam və təhlükəsizliyin yenidən təmin edilməsi isə inqilab dövrünün sona çatması və Napoleonun mütləq iqtidarının qurulması ilə, yəni dövlətin yenidən təsis edilməsi ilə mümkün olmuşdur. Bu hal tarixin hər dövründə eynidir. Dövlət əleyhində edilən hər cür “inqilab” inqilabçıların buna başladıqları vaxt ortaya atdıqları bəzəkli şüarların əksinə, qan, kədər və gözyaşı gətirir. 

Dövlətə Bağlılığın Önəmi (kitabı yüklə)