-Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək. (Heydər Əliyev)

-Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir. (Heydər Əliyev)

Dünyəvilik prinsipi

“Bizim dövlətimiz dünyəvi dövlətdir, ancaq biz dindən ayrı deyilik”. HEYDƏR ƏLİYEV 
Konstitusiyada ifadə edildiyi kimi, Azərbaycan Respublikası dünyəvi dövlətdir. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət göstərir, bir-birlərinin işlərinə qarışmırlar. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması: heç bir din məcburi müəyyən edilə bilməz. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikasının 18-ci maddəsində təsbit olunmuşdur. 
Dövlət və dini icmaların qarşılıqlı münasibətlərinə toxunarkən konstitusiya bu müddəaları konkretləşdirməklə yanaşı, aşağıdakı halları müəyyən edir: 
Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, valideynlər və onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətlərinə müvafiq olaraq tərbiyə edə bilərlər. 
 Dünyəvilik tarixdə və dövrümüzdə səhv başa düşülmüş və səhv tətbiq olunmuş prinsipdir. Buna görə də bu prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar. 
Qeyd etmək lazımdır ki, dünyəvilik prinsipinin əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir. Dünyəvilik prinsipi dövlətimizin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir. 
Diqqət yetirilsə, əslində dövlətimizin sahib olduğu bu dünyəvilik modeli İslam dininə çox uyğundur. Çünki İslam dini azad iradəni əsas şərt olaraq müəyyən edir. Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və ya qadağalardan (oğurluq, cinayət kimi ictimai cinayət törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar və təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə ola bilməz. Yaxud da dünyəvi imtiyaz verilməklə şəxs dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz. 
Bunun əksi olan bir dövlət modelindən bəhs edək. Məsələn, insanların məcburi olaraq müsəlman və ya xristian edildiyi bir ölkə təsəvvür edək. Bundan başqa, bu dinlərə inananların dinlərin qaydalarına görə, yaşamaları üçün məcbur edildiklərini fərz edək. Məsələn, qeyd edilən dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin. Yaxud da bir az daha “mülayim” üsuldan istifadə edib namaz qılanlara və ya kilsəyə gedənlərə xüsusi dövlət hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə zidd dövlət olar. Bundan başqa, bir o qədər də dinə zidd olar. 
Bunun səbəbi zorla və ya mənfəət qarşılığında qəbul edilən dini inancın, yaxud ibadətin İslama görə heç bir dəyərinin olmamasıdır. Çünki inanc və ibadət yalnız Allah üçün olduğunda dəyərlidir. Əgər dövlət insanları inanca və ya ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə dinin yaşanmasıdır. 
Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik prinsipi həm vicdan azadlığı kimi əsas insani dəyərə xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam dini ilə uyğunlaşdığı üçün hər bir Azərbaycan vətəndaşının mənimsəməsi və müdafiə etməsi lazım olduğu bir prinsipdir.

Dövlətimizin dəyişməz unitar quruluşu

Azərbaycan Respublikası unitar dövlətdir. Yəni vahid konstitusiyası, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid höküməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi və s. var. Tərkibində fərqli qanunların qüvvədə olduğu fərqli idarəetmə bölgələri yoxdur. “Federativ” deyil. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyəti bütün Azərbaycan ərazisini əhatə edir və hər bir Azərbaycan vətəndaşı bu ərazidə bərabər hüquqa malikdir. Dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq, azərbaycanlı olan hər kəs Azərbaycan Respublikasının vətəndaşı sayılır. Qeyd edilən unitar dövlət quruluşu dövlətimizin ərazi bütövlüyünün və daxili sabitliyin ən böyük təminatıdır. 
Azərbaycan dövlətinin sərhədləri daxilində ana dili azərbaycanca olmayan, fərqli etnik mənşədən gələn qruplar ola bilər, ancaq onlar da Azərbaycan vətəndaşıdır. Azərbaycanın hər yerində və hər kəs üçün qüvvədə olan qanunlar onlara da şamil edilir. Azərbaycanın hər yerində və hər kəs üçün etibarlı olan konstitusion hüquq və azadlıqlara onlar da aiddir.

AZƏRBAYCAN RESPUBLİKASININ XÜSUSİYYƏTLƏRİ

Əvvəlki bölmələrdə millətin niyə güclü dövlətə ehtiyacı olduğunun cavabını verməyə çalışdıq. Əlbəttə, dövlət sisteminin güclü olmasının lazım olduğunu ifadə etmək kafi deyil, bunun qədər digər əhəmiyyətli mövzu isə dövlətin xüsusiyyətləridir. 
Siyasi gücün millətə aid olduğu sistemlər demokratik sistemlərdir. 
Demokratiya “xalqın idarəsi” mənasını verir və siyasi iradənin xalqa aid olduğu siyasi sistemi ifadə edir. Demokratiyalarda ölkəni idarə etmə və qanun qəbul etmə səlahiyyəti bütün xalqa məxsusdur. Xalq bu səlahiyyətindən sərbəst seçki yolu ilə seçdiyi nümayəndələr vasitəsilə istifadə edir. Ölkəni idarə edənlər və qanunları qəbul edənlər xalqın razılığını qazanmaq məcburiyyətindədir. Xalq təsdiq etsə, hakimiyyətə gələr. Vəzifədən kənarlaşdırılmaları da yenə xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi sərbəst seçkilərlə baş verər. 
Azərbaycan Respublikası bu xüsusiyyətlərə sahib demokratik dövlətdir. 
Konstitusiyamızda Azərbaycan Respublikasının əsas xüsusiyyətləri yer almışdır. Bu dəyişdirilməz xüsusiyyətlər Azərbaycan Respublikasının dünyəvi və hüquqi dövlət olduğu mənasını verir. Bunlar çox əhəmiyyətli xüsusiyyətlərdir və millətin mənfəətlərini ən yaxşı şəkildə qoruyacaq quruluşa sahib olduğunun göstəricisidir.

Nəticə

Bura kimi araşdırdığımız mövzular bir cəmiyyətin etibarlı, dinc və rifah yaşaması üçün güclü dövlətin mütləq qorumasında və idarəçiliyində yaşamalı olduğunu göstərir. Dövlətin ortadan qaldırılmasını müdafiə edən anarxizm böyük yanlışlıqdır. “Ən yaxşı dövlət ən az idarə edən dövlətdir”, -deyən 19-cu əsr liberalizmi də yanılmışdır və dövlətin müdaxiləsinin lazım olduğunu qavraya bilməmişdir. 
Dövlətin hər şeydən uzaqlaşdırılması bir tərəfə qalsın, dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoyur. Dövlət nüfuzundakı ən kiçik bir boşluq bu boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnər ki, bundan da hamı zərər çəkər. Zəif dövlət cəmiyyətdəki bəzi mənfəət güdən çevrələrin təsiri altında qalar və yenə bütün cəmiyyət bundan zərər görər. 
Dolayısilə, cəmiyyətin hər bir üzvü güclü dövlət mexanizminə tərəfdar olmalıdır. Dövlətin güclənməsi üçün səy göstərməli və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı çıxmalıdır. Qısacası, dövlətinə sahib çıxmalıdır.

Dövlətin iqtisadi həyatdakı müstəsna rolu

19-cu əsr çoxlu sayda mütəfəkkirin nəzəriyyələr yazdığı bir dövr idi. Liberalizm və marksizm kimi iki fərqli sosial nəzəriyyə bu dövrdə ortaya çıxdı. Hər iki nəzəriyyənin də ortaq xüsusiyyəti təcrübələrə deyil, mücərrəd fikirlərə əsaslanması idi. 20-ci əsrdə isə bu fikirlər tətbiq edilməyə başlandı və ortaya bəzi konkret təcrübələr çıxdı. 
Marksizmin bu təcrübələrin nəticəsində süqut etdiyi məlumdur. Dövlətin əvvəl zorakılıq yolu ilə ələ keçirilməsini, sonra bütün iqtisadiyyatın dövlət nəzarətinə alınmasını və uzaq gələcəkdə də dövlətin tamamilə ləğv edilməsini müdafiə edən bu nəzəriyyənin həqiqətlərlə uyğunlaşmayan və çox səmərəsiz iqtisadi model ortaya qoyduğu aşkardır. Sovet İttifaqının mərkəzi planlamaya əsaslanan iqtisadi modelinin süqut etməsi dövlətin səhv iqtisadi siyasəti olduğunu və iqtisadiyyatın ancaq xüsusi sektorun rolu ilə məhsuldar hala gələcəyini ortaya qoymuşdur. 
Ancaq o qədər diqqət çəkməyən başqa bir fakt isə ondan ibarətdir ki, 20-ci əsrdəki təcrübələrin 19-cu əsr liberalizmini də bəzi istiqamətlərdən haqsız çıxarması idi. 19-cu əsrdə yaşamış liberal iqtisadiyyat müdafiəçiləri 18- ci əsrdəki ingilis iqtisadçı Adam Smitin yolunu izləyərək “ən yaxşı dövlət, ən az müdaxilə edən dövlətdir” fikrini müdafiə edirdilər. Dövlətin iqtisadi həyata müdaxilə etməməsinin və bütün iqtisadiyyatın xüsusi sektorun nəzarətində olmasının lazım olduğunu müdafiə etmişdilər.
Dövlətin tamamilə kənarlaşdırıldığı bu iqtisadi model 19-cu əsrin sonlarından 20-ci əsrin birinci rübünə qədər başda ABŞ olmaqla, bir çox qərb ölkəsində qəbul edildi. Ancaq 1929-cu ildə başlayan və “Böyük böhran” kimi tanınan nəhəng iqtisadi böhran bu modelin səhv olduğunu ortaya qoydu. Böyük böhran Nyu-York birjasında baş qaldıran və sonra da bütün dünyaya yayılan həyəcanla doğulmuşdu. Dünya iqtisadiyyatını illərlə zəiflədən bu böhran dünya ticarət dövriyyəsinin azalmasına, cəmiyyətlərin gəlir və rifah səviyyələrinin aşağı düşməsinə, milyonlarla insanın işsiz qalmasına səbəb oldu. 
Böyük böhranın ortaya qoyduğu ən əhəmiyyətli nəticələrdən biri dövlətin iqtisadiyyatdan tamamilə uzaqlaşdırılmasının çox zərərli olduğu idi. Belə ki, Böyük böhrandan sonra inkişaf edən “Keynes modeli” iqtisadi sistemi dövlətin müəyyən ölçüdə iqtisadiyyata müdaxilə etməsinin, bəzən də sərmayələrlə iqtisadiyyatı istiqamətləndirməsinin lazım olduğunu qəbul etdi. Bir çox dövlət də Keynes modelini tətbiq etməklə Böyük böhranın vurduğu zərərləri ortadan qaldıra bildi. 
Hal-hazırkı dövrdə etibarlı olan iqtisadi model xüsusi sektorun lokomotiv funksiyasını yerinə yetirdiyi, amma dövlətin idarəçiliyi və istiqamətləndirməsi ilə işləyən iqtisadi modeldir. Dövlətin başda infrastruktur sərmayələri olmaqla, iqtisadiyyatın bəzi sahələrinə əl atması zəruridir. Bundan əlavə, xüsusi sektor üçün gəlir gətirməyən, amma cəmiyyətin ümumi rifahı baxımından lazım olan bəzi xidmətlərin yerinə yetirilməsi üçün də yenə dövlətin müdaxiləsi zəruridir (məsələn, poçt xidməti dünyanın heç bir ölkəsində qazanc gətirmir, amma cəmiyyətin faydası üçün dövlət tərəfindən icra edilir). Eyni şəkildə, bir ölkənin strateji təhlükəsizliyini maraqlandıran iqtisadi məsələlər də dövlət tərəfindən təşkil edilməlidir. 
Xülasə olaraq, bir ölkənin rifahı üçün iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi, qanunlarla təşkil edilməsi, bəzən də birbaşa dövlətin müdaxiləsi ilə istiqamətləndirilməsi zəruridir. Dövlət bunları edə bilmək üçün, əlbəttə, güclü olmalıdır. 

Dövlətin ictimai həyatdakı müstəsna rolu

Güclü dövlət yalnız təhlükəsizliyin deyil, cəmiyyətin ümumi rifahının təmin edilməsi üçün də zəruridir. Buna nümunə olaraq iki sahəni nəzərdən keçirə bilərik: sağlamlıq və təhsil. 
Xəstələrin müalicəsini öz üzərinə götürən qurumlar xəstəxanalardır. Bir cəmiyyətin sağlamlıq probleminin həll olunması üçün mütləq dövlət xəstəxanaları mövcud olmalıdır. Əlbəttə, dövrümüzdə xüsusi sektorlar tərəfindən açılan çoxlu sayda xəstəxanalar da var. Ancaq bir məsələyə diqqət yetirmək lazımdır: xüsusi sektorlar həmişə qazanc əldə etmək məqsədi daşıyırlar. Dolayısilə, xüsusi sektorların bütün cəmiyyətin sağlamlıq problemini həll etməsi qeyri-mümkündür. Az təminatlı ailələr heç vaxt xüsusi xəstəxanalardan faydalana bilməzlər və mütləq dövlətin qurduğu və özlərinə kömək edəcək xəstəxanalara ehtiyac duyarlar. Bundan başqa, peyvənd kampaniyaları və ümumi sağlamlıq işləri kimi ictimai xidmətləri reallaşdıran yeganə nüfuz da dövlətdir. Qazanc məqsədini daşıyan heç bir xüsusi təşkilat ibtidai məktəb uşaqlarını yoluxucu xəstəliklərdən qorumaq üçün ölkə miqyasında peyvənd kampaniyası təşkil etməz və ya ölkənin ucqar yerlərinə sağlamlıq xidməti aparmaz.
Cəmiyyətin rifahı ilə əlaqədar ikinci əhəmiyyətli mövzu isə təhsildir. Təhsili də eynilə sağlamlıq kimi qismən xüsusi sektorlar öz üzərinə götürə bilər, amma bu vəziyyətdə yenə xüsusi sektorun qazanc tələbini qarşılaya bilməyən yoxsul təbəqələr təhsil imkanından məhrum olarlar. Təhsilin bütün ölkəyə və böyük şəhərlərdən uzaq kəndlərə qədər yayılması da yenə ancaq dövlət sayəsində mümkündür. Əgər dövlətin təhsil sistemi olmasa, xüsusi sektor üçün qazanc gətirməyən bütün məskunlaşma vahidləri təhsil almaq imkanını itirər. 
Dövlətin mövcudluğu təhsilin bərabər və standart olması üçün də zəruridir. Təhsil dövlətin təyin etdiyi standart tədris planına uyğun formalaşmadığı və tamamilə xüsusi qurumların nəzarətində olduğu təqdirdə cəmiyyət qısa müddətdə düşərgələrə ayrıla bilər. Kommunistlər kommunist ideologiyasını təlqin edən məktəblər aça bilər. İrqçilər uşaqlarını irqçi olaraq yetişdirən məktəblər qura bilər. Bu şəkildə qısa müddət ərzində cəmiyyət bir-birinə tamamilə yad və düşmən fərdlərdən formalaşa bilər. Cəmiyyətin birliyinin qorunması və bir yerdə yaşamağı mümkün edən ortaq mədəniyyətin inkişafı üçün mütləq dövlət tərəfindən təyin olunan standart təhsil sistemi tətbiq olunmalıdır. Fərqli mədəni qruplara və ya peşə təhsili tələblərinə xüsusi məktəb statusu verilə bilər, amma bu xüsusi status yenə də tədris planının əsas qaydalarına bağlı olmalıdır. 
Qısası, bir cəmiyyətin təhsil və sağlamlıq kimi ən əsas ehtiyacları ancaq güclü dövlətin müdaxilə və nəzarəti ilə həyata keçirilə bilər.

Dövlət və ictimai təhlükəsizlik

Güclü bir dövlətin varlığı yalnız milli müdafiə üçün deyil, eyni zamanda ölkənin daxilində təhlükəsizlik və dincliyin təşkili üçün də zəruridir. 
Anarxizmin yanlışlığından danışarkən dövlətin zəiflədiyi bir mühitdə hər cür cinayətin asanlıqla törədildiyini, “cinayət”i müəyyən edən və ona mane olan nüfuzun olmadığını söyləmişdik. Bu mövzunu bir az daha açıqlaya bilərik. 
Dövlətin nüfuzunu itirdiyi və bunun nəticəsində təhlükəsizliyin olmadığı bir mühit təsəvvür edək. Belə bir mühit cinayətkarların hər cür cinayəti asanlıqla törətdiyi, vicdanlı vətəndaşların isə hər cür təcavüzün hədəfinə çevrildiyi qorxunc bir cəmiyyət quruluşu meydana gətirər. Belə olduğu təqdirdə böyük ehtimalla təhlükəsizliyi təmin etmək üçün dövlətin yerinə “xüsusi sektor”a müraciət edilər, yəni mafiyaya bənzər şəbəkələr meydana gələr və vətəndaşlar onlara pul ödəməklə təhlükəsizlik əldə etməyə çalışarlar. Ancaq bu mafiyaya bənzər şəbəkələrin özbaşına və cinayətə meyilli insanlardan meydana gəlməsi mütləqdir. Bir müddət sonra bu təşkilatlanmalar vətəndaşlara qarşı təcavüzə başlayar və bu şəbəkələrin arasında qarşıdurma və daxili hesablaşmalar başlayar. 
Polisin olmaması hüquq mühafizə orqanlarının süqutu deməkdir. Dövlətin nüfuzu olmasa, məhkəmələr olmaz, prokuror və hakimlər fəaliyyət göstərməz. Belə bir vəziyyətdə cəmiyyətdəki heç bir hüquqi anlaşılmazlıq həll edilməz. Ədalətlə hökm edən və bu hökmü icra edən bir mexanizm olmadığı üçün hər cür haqsızlıq, haqqa təcavüz və sui-istifadə asanlıqla tətbiq olunar. Əgər yenə “xüsusi sektor”lar vasitəsi ilə məhkəmələr qurulsa belə, onların mafiyaya bənzər mexanizmlər olacağı, özlərinə daha çox pul verən tərəfi haqlı çıxarmağa çalışacağı məlumdur. Çünki xüsusi sektorların əsas məqsədi qazanc əldə etməkdir. Buna görə də özlərinə daha çox qazanc təmin edən vasitələri tətbiq etməyə çalışarlar.
Nəticədə dövlətin nüfuzunun zəifləməsinin ictimai təhlükəsizliyi, nizamı, sülh və əmin-amanlığı tamamilə yox edəcəyi aydındır. Belə bir vəziyyətdə ölkədə xaos mühiti olar.