-Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək. (Heydər Əliyev)

-Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir. (Heydər Əliyev)

Dövlətin ictimai həyatdakı müstəsna rolu

Güclü dövlət yalnız təhlükəsizliyin deyil, cəmiyyətin ümumi rifahının təmin edilməsi üçün də zəruridir. Buna nümunə olaraq iki sahəni nəzərdən keçirə bilərik: sağlamlıq və təhsil. 
Xəstələrin müalicəsini öz üzərinə götürən qurumlar xəstəxanalardır. Bir cəmiyyətin sağlamlıq probleminin həll olunması üçün mütləq dövlət xəstəxanaları mövcud olmalıdır. Əlbəttə, dövrümüzdə xüsusi sektorlar tərəfindən açılan çoxlu sayda xəstəxanalar da var. Ancaq bir məsələyə diqqət yetirmək lazımdır: xüsusi sektorlar həmişə qazanc əldə etmək məqsədi daşıyırlar. Dolayısilə, xüsusi sektorların bütün cəmiyyətin sağlamlıq problemini həll etməsi qeyri-mümkündür. Az təminatlı ailələr heç vaxt xüsusi xəstəxanalardan faydalana bilməzlər və mütləq dövlətin qurduğu və özlərinə kömək edəcək xəstəxanalara ehtiyac duyarlar. Bundan başqa, peyvənd kampaniyaları və ümumi sağlamlıq işləri kimi ictimai xidmətləri reallaşdıran yeganə nüfuz da dövlətdir. Qazanc məqsədini daşıyan heç bir xüsusi təşkilat ibtidai məktəb uşaqlarını yoluxucu xəstəliklərdən qorumaq üçün ölkə miqyasında peyvənd kampaniyası təşkil etməz və ya ölkənin ucqar yerlərinə sağlamlıq xidməti aparmaz.
Cəmiyyətin rifahı ilə əlaqədar ikinci əhəmiyyətli mövzu isə təhsildir. Təhsili də eynilə sağlamlıq kimi qismən xüsusi sektorlar öz üzərinə götürə bilər, amma bu vəziyyətdə yenə xüsusi sektorun qazanc tələbini qarşılaya bilməyən yoxsul təbəqələr təhsil imkanından məhrum olarlar. Təhsilin bütün ölkəyə və böyük şəhərlərdən uzaq kəndlərə qədər yayılması da yenə ancaq dövlət sayəsində mümkündür. Əgər dövlətin təhsil sistemi olmasa, xüsusi sektor üçün qazanc gətirməyən bütün məskunlaşma vahidləri təhsil almaq imkanını itirər. 
Dövlətin mövcudluğu təhsilin bərabər və standart olması üçün də zəruridir. Təhsil dövlətin təyin etdiyi standart tədris planına uyğun formalaşmadığı və tamamilə xüsusi qurumların nəzarətində olduğu təqdirdə cəmiyyət qısa müddətdə düşərgələrə ayrıla bilər. Kommunistlər kommunist ideologiyasını təlqin edən məktəblər aça bilər. İrqçilər uşaqlarını irqçi olaraq yetişdirən məktəblər qura bilər. Bu şəkildə qısa müddət ərzində cəmiyyət bir-birinə tamamilə yad və düşmən fərdlərdən formalaşa bilər. Cəmiyyətin birliyinin qorunması və bir yerdə yaşamağı mümkün edən ortaq mədəniyyətin inkişafı üçün mütləq dövlət tərəfindən təyin olunan standart təhsil sistemi tətbiq olunmalıdır. Fərqli mədəni qruplara və ya peşə təhsili tələblərinə xüsusi məktəb statusu verilə bilər, amma bu xüsusi status yenə də tədris planının əsas qaydalarına bağlı olmalıdır. 
Qısası, bir cəmiyyətin təhsil və sağlamlıq kimi ən əsas ehtiyacları ancaq güclü dövlətin müdaxilə və nəzarəti ilə həyata keçirilə bilər.

Hiç yorum yok:

Yorum Gönder