-Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək. (Heydər Əliyev)

-Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir. (Heydər Əliyev)

AZƏRBAYCAN RESPUBLİKASININ XÜSUSİYYƏTLƏRİ

Əvvəlki bölmələrdə millətin niyə güclü dövlətə ehtiyacı olduğunun cavabını verməyə çalışdıq. Əlbəttə, dövlət sisteminin güclü olmasının lazım olduğunu ifadə etmək kafi deyil, bunun qədər digər əhəmiyyətli mövzu isə dövlətin xüsusiyyətləridir. 
Siyasi gücün millətə aid olduğu sistemlər demokratik sistemlərdir. 
Demokratiya “xalqın idarəsi” mənasını verir və siyasi iradənin xalqa aid olduğu siyasi sistemi ifadə edir. Demokratiyalarda ölkəni idarə etmə və qanun qəbul etmə səlahiyyəti bütün xalqa məxsusdur. Xalq bu səlahiyyətindən sərbəst seçki yolu ilə seçdiyi nümayəndələr vasitəsilə istifadə edir. Ölkəni idarə edənlər və qanunları qəbul edənlər xalqın razılığını qazanmaq məcburiyyətindədir. Xalq təsdiq etsə, hakimiyyətə gələr. Vəzifədən kənarlaşdırılmaları da yenə xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi sərbəst seçkilərlə baş verər. 
Azərbaycan Respublikası bu xüsusiyyətlərə sahib demokratik dövlətdir. 
Konstitusiyamızda Azərbaycan Respublikasının əsas xüsusiyyətləri yer almışdır. Bu dəyişdirilməz xüsusiyyətlər Azərbaycan Respublikasının dünyəvi və hüquqi dövlət olduğu mənasını verir. Bunlar çox əhəmiyyətli xüsusiyyətlərdir və millətin mənfəətlərini ən yaxşı şəkildə qoruyacaq quruluşa sahib olduğunun göstəricisidir.

Nəticə

Bura kimi araşdırdığımız mövzular bir cəmiyyətin etibarlı, dinc və rifah yaşaması üçün güclü dövlətin mütləq qorumasında və idarəçiliyində yaşamalı olduğunu göstərir. Dövlətin ortadan qaldırılmasını müdafiə edən anarxizm böyük yanlışlıqdır. “Ən yaxşı dövlət ən az idarə edən dövlətdir”, -deyən 19-cu əsr liberalizmi də yanılmışdır və dövlətin müdaxiləsinin lazım olduğunu qavraya bilməmişdir. 
Dövlətin hər şeydən uzaqlaşdırılması bir tərəfə qalsın, dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoyur. Dövlət nüfuzundakı ən kiçik bir boşluq bu boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnər ki, bundan da hamı zərər çəkər. Zəif dövlət cəmiyyətdəki bəzi mənfəət güdən çevrələrin təsiri altında qalar və yenə bütün cəmiyyət bundan zərər görər. 
Dolayısilə, cəmiyyətin hər bir üzvü güclü dövlət mexanizminə tərəfdar olmalıdır. Dövlətin güclənməsi üçün səy göstərməli və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı çıxmalıdır. Qısacası, dövlətinə sahib çıxmalıdır.

Dövlətin iqtisadi həyatdakı müstəsna rolu

19-cu əsr çoxlu sayda mütəfəkkirin nəzəriyyələr yazdığı bir dövr idi. Liberalizm və marksizm kimi iki fərqli sosial nəzəriyyə bu dövrdə ortaya çıxdı. Hər iki nəzəriyyənin də ortaq xüsusiyyəti təcrübələrə deyil, mücərrəd fikirlərə əsaslanması idi. 20-ci əsrdə isə bu fikirlər tətbiq edilməyə başlandı və ortaya bəzi konkret təcrübələr çıxdı. 
Marksizmin bu təcrübələrin nəticəsində süqut etdiyi məlumdur. Dövlətin əvvəl zorakılıq yolu ilə ələ keçirilməsini, sonra bütün iqtisadiyyatın dövlət nəzarətinə alınmasını və uzaq gələcəkdə də dövlətin tamamilə ləğv edilməsini müdafiə edən bu nəzəriyyənin həqiqətlərlə uyğunlaşmayan və çox səmərəsiz iqtisadi model ortaya qoyduğu aşkardır. Sovet İttifaqının mərkəzi planlamaya əsaslanan iqtisadi modelinin süqut etməsi dövlətin səhv iqtisadi siyasəti olduğunu və iqtisadiyyatın ancaq xüsusi sektorun rolu ilə məhsuldar hala gələcəyini ortaya qoymuşdur. 
Ancaq o qədər diqqət çəkməyən başqa bir fakt isə ondan ibarətdir ki, 20-ci əsrdəki təcrübələrin 19-cu əsr liberalizmini də bəzi istiqamətlərdən haqsız çıxarması idi. 19-cu əsrdə yaşamış liberal iqtisadiyyat müdafiəçiləri 18- ci əsrdəki ingilis iqtisadçı Adam Smitin yolunu izləyərək “ən yaxşı dövlət, ən az müdaxilə edən dövlətdir” fikrini müdafiə edirdilər. Dövlətin iqtisadi həyata müdaxilə etməməsinin və bütün iqtisadiyyatın xüsusi sektorun nəzarətində olmasının lazım olduğunu müdafiə etmişdilər.
Dövlətin tamamilə kənarlaşdırıldığı bu iqtisadi model 19-cu əsrin sonlarından 20-ci əsrin birinci rübünə qədər başda ABŞ olmaqla, bir çox qərb ölkəsində qəbul edildi. Ancaq 1929-cu ildə başlayan və “Böyük böhran” kimi tanınan nəhəng iqtisadi böhran bu modelin səhv olduğunu ortaya qoydu. Böyük böhran Nyu-York birjasında baş qaldıran və sonra da bütün dünyaya yayılan həyəcanla doğulmuşdu. Dünya iqtisadiyyatını illərlə zəiflədən bu böhran dünya ticarət dövriyyəsinin azalmasına, cəmiyyətlərin gəlir və rifah səviyyələrinin aşağı düşməsinə, milyonlarla insanın işsiz qalmasına səbəb oldu. 
Böyük böhranın ortaya qoyduğu ən əhəmiyyətli nəticələrdən biri dövlətin iqtisadiyyatdan tamamilə uzaqlaşdırılmasının çox zərərli olduğu idi. Belə ki, Böyük böhrandan sonra inkişaf edən “Keynes modeli” iqtisadi sistemi dövlətin müəyyən ölçüdə iqtisadiyyata müdaxilə etməsinin, bəzən də sərmayələrlə iqtisadiyyatı istiqamətləndirməsinin lazım olduğunu qəbul etdi. Bir çox dövlət də Keynes modelini tətbiq etməklə Böyük böhranın vurduğu zərərləri ortadan qaldıra bildi. 
Hal-hazırkı dövrdə etibarlı olan iqtisadi model xüsusi sektorun lokomotiv funksiyasını yerinə yetirdiyi, amma dövlətin idarəçiliyi və istiqamətləndirməsi ilə işləyən iqtisadi modeldir. Dövlətin başda infrastruktur sərmayələri olmaqla, iqtisadiyyatın bəzi sahələrinə əl atması zəruridir. Bundan əlavə, xüsusi sektor üçün gəlir gətirməyən, amma cəmiyyətin ümumi rifahı baxımından lazım olan bəzi xidmətlərin yerinə yetirilməsi üçün də yenə dövlətin müdaxiləsi zəruridir (məsələn, poçt xidməti dünyanın heç bir ölkəsində qazanc gətirmir, amma cəmiyyətin faydası üçün dövlət tərəfindən icra edilir). Eyni şəkildə, bir ölkənin strateji təhlükəsizliyini maraqlandıran iqtisadi məsələlər də dövlət tərəfindən təşkil edilməlidir. 
Xülasə olaraq, bir ölkənin rifahı üçün iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi, qanunlarla təşkil edilməsi, bəzən də birbaşa dövlətin müdaxiləsi ilə istiqamətləndirilməsi zəruridir. Dövlət bunları edə bilmək üçün, əlbəttə, güclü olmalıdır. 

Dövlətin ictimai həyatdakı müstəsna rolu

Güclü dövlət yalnız təhlükəsizliyin deyil, cəmiyyətin ümumi rifahının təmin edilməsi üçün də zəruridir. Buna nümunə olaraq iki sahəni nəzərdən keçirə bilərik: sağlamlıq və təhsil. 
Xəstələrin müalicəsini öz üzərinə götürən qurumlar xəstəxanalardır. Bir cəmiyyətin sağlamlıq probleminin həll olunması üçün mütləq dövlət xəstəxanaları mövcud olmalıdır. Əlbəttə, dövrümüzdə xüsusi sektorlar tərəfindən açılan çoxlu sayda xəstəxanalar da var. Ancaq bir məsələyə diqqət yetirmək lazımdır: xüsusi sektorlar həmişə qazanc əldə etmək məqsədi daşıyırlar. Dolayısilə, xüsusi sektorların bütün cəmiyyətin sağlamlıq problemini həll etməsi qeyri-mümkündür. Az təminatlı ailələr heç vaxt xüsusi xəstəxanalardan faydalana bilməzlər və mütləq dövlətin qurduğu və özlərinə kömək edəcək xəstəxanalara ehtiyac duyarlar. Bundan başqa, peyvənd kampaniyaları və ümumi sağlamlıq işləri kimi ictimai xidmətləri reallaşdıran yeganə nüfuz da dövlətdir. Qazanc məqsədini daşıyan heç bir xüsusi təşkilat ibtidai məktəb uşaqlarını yoluxucu xəstəliklərdən qorumaq üçün ölkə miqyasında peyvənd kampaniyası təşkil etməz və ya ölkənin ucqar yerlərinə sağlamlıq xidməti aparmaz.
Cəmiyyətin rifahı ilə əlaqədar ikinci əhəmiyyətli mövzu isə təhsildir. Təhsili də eynilə sağlamlıq kimi qismən xüsusi sektorlar öz üzərinə götürə bilər, amma bu vəziyyətdə yenə xüsusi sektorun qazanc tələbini qarşılaya bilməyən yoxsul təbəqələr təhsil imkanından məhrum olarlar. Təhsilin bütün ölkəyə və böyük şəhərlərdən uzaq kəndlərə qədər yayılması da yenə ancaq dövlət sayəsində mümkündür. Əgər dövlətin təhsil sistemi olmasa, xüsusi sektor üçün qazanc gətirməyən bütün məskunlaşma vahidləri təhsil almaq imkanını itirər. 
Dövlətin mövcudluğu təhsilin bərabər və standart olması üçün də zəruridir. Təhsil dövlətin təyin etdiyi standart tədris planına uyğun formalaşmadığı və tamamilə xüsusi qurumların nəzarətində olduğu təqdirdə cəmiyyət qısa müddətdə düşərgələrə ayrıla bilər. Kommunistlər kommunist ideologiyasını təlqin edən məktəblər aça bilər. İrqçilər uşaqlarını irqçi olaraq yetişdirən məktəblər qura bilər. Bu şəkildə qısa müddət ərzində cəmiyyət bir-birinə tamamilə yad və düşmən fərdlərdən formalaşa bilər. Cəmiyyətin birliyinin qorunması və bir yerdə yaşamağı mümkün edən ortaq mədəniyyətin inkişafı üçün mütləq dövlət tərəfindən təyin olunan standart təhsil sistemi tətbiq olunmalıdır. Fərqli mədəni qruplara və ya peşə təhsili tələblərinə xüsusi məktəb statusu verilə bilər, amma bu xüsusi status yenə də tədris planının əsas qaydalarına bağlı olmalıdır. 
Qısası, bir cəmiyyətin təhsil və sağlamlıq kimi ən əsas ehtiyacları ancaq güclü dövlətin müdaxilə və nəzarəti ilə həyata keçirilə bilər.

Dövlət və ictimai təhlükəsizlik

Güclü bir dövlətin varlığı yalnız milli müdafiə üçün deyil, eyni zamanda ölkənin daxilində təhlükəsizlik və dincliyin təşkili üçün də zəruridir. 
Anarxizmin yanlışlığından danışarkən dövlətin zəiflədiyi bir mühitdə hər cür cinayətin asanlıqla törədildiyini, “cinayət”i müəyyən edən və ona mane olan nüfuzun olmadığını söyləmişdik. Bu mövzunu bir az daha açıqlaya bilərik. 
Dövlətin nüfuzunu itirdiyi və bunun nəticəsində təhlükəsizliyin olmadığı bir mühit təsəvvür edək. Belə bir mühit cinayətkarların hər cür cinayəti asanlıqla törətdiyi, vicdanlı vətəndaşların isə hər cür təcavüzün hədəfinə çevrildiyi qorxunc bir cəmiyyət quruluşu meydana gətirər. Belə olduğu təqdirdə böyük ehtimalla təhlükəsizliyi təmin etmək üçün dövlətin yerinə “xüsusi sektor”a müraciət edilər, yəni mafiyaya bənzər şəbəkələr meydana gələr və vətəndaşlar onlara pul ödəməklə təhlükəsizlik əldə etməyə çalışarlar. Ancaq bu mafiyaya bənzər şəbəkələrin özbaşına və cinayətə meyilli insanlardan meydana gəlməsi mütləqdir. Bir müddət sonra bu təşkilatlanmalar vətəndaşlara qarşı təcavüzə başlayar və bu şəbəkələrin arasında qarşıdurma və daxili hesablaşmalar başlayar. 
Polisin olmaması hüquq mühafizə orqanlarının süqutu deməkdir. Dövlətin nüfuzu olmasa, məhkəmələr olmaz, prokuror və hakimlər fəaliyyət göstərməz. Belə bir vəziyyətdə cəmiyyətdəki heç bir hüquqi anlaşılmazlıq həll edilməz. Ədalətlə hökm edən və bu hökmü icra edən bir mexanizm olmadığı üçün hər cür haqsızlıq, haqqa təcavüz və sui-istifadə asanlıqla tətbiq olunar. Əgər yenə “xüsusi sektor”lar vasitəsi ilə məhkəmələr qurulsa belə, onların mafiyaya bənzər mexanizmlər olacağı, özlərinə daha çox pul verən tərəfi haqlı çıxarmağa çalışacağı məlumdur. Çünki xüsusi sektorların əsas məqsədi qazanc əldə etməkdir. Buna görə də özlərinə daha çox qazanc təmin edən vasitələri tətbiq etməyə çalışarlar.
Nəticədə dövlətin nüfuzunun zəifləməsinin ictimai təhlükəsizliyi, nizamı, sülh və əmin-amanlığı tamamilə yox edəcəyi aydındır. Belə bir vəziyyətdə ölkədə xaos mühiti olar.

YARADILIŞ ELMİ HƏQİQƏTİNİN bütün dünyaya bəyan edilməsi və QURAN ƏXLAQININ bütün insanlar arasında yayılması üçün “Hər həftə yeni bir sayt”

Design Studio 313 (313 Veb Dizayn Studiyası) daxil ol 

Dövlət və milli müdafiə

Dünyada yaşayan insanlar müəyyən birliklərin üzvüdürlər. Bunların ən əsası ailədir. Daha sonra qismən zəif olan qonşuluq, nəsil, həmyerlilik və etnik mənşə kimi əlaqələr var. Ancaq bütün bu mənsubiyyətlərin, xüsusilə siyasi yöndən ən əhəmiyyətlisi milli mənsubiyyətdir. Başqa ifadə ilə desək, insanın hansı millətdən olduğu sualıdır. Çünki dünyadakı siyasi nüfuzlar (dövlətlər) millətinə görə bir-birindən ayrılırlar. Almaniya alman millətinin ölkəsi, Fransa fransızların, Azərbaycan isə azərbaycanlıların yurdudur.
Dünyadakı siyasi rəqabət və qarşıdurmalar da milli əsasaslar üzərində inkişaf edir. Eyni vəziyyət siyasətin davamı sayılan müharibə üçün də etibarlıdır. Almaniya alman millətini dünyaya hakim etmək xülyası ilə İkinci dünya müharibəsini başlatmışdır. 
Dünyanın bu şəkildə, yəni ölkələr arası siyasi balanslara əsasən qurulması hər insanı yaşadığı ölkənin mənfəətlərinə görə düşünməyə məcbur edir. Heç kim: “Əsas mən, şirkətim və ailəmdir. Yerdə qalan əhəmiyyətli deyil”, -deyə bilməz. Çünki ailəsinin və özünün gələcəyi yaşadığı ölkənin gələcəyinə bağlıdır. Əgər düşmən ölkə yaşadığı ölkəni işğal etsə, özü, şirkəti və ailəsi də bundan böyük zərər görər. O, yaşadığı ölkənin vətəndaşıdır və ölkəsinin gücünə, müstəqilliyinə mütləq tərəfdar olmaq məcburiyyətindədir. 
Dövlətin nə qədər zəruri bir qurum olduğu da burda açıq şəkildə bəlli olur. Çünki bir ölkənin mövcudluğunu qoruyan yeganə quruluş dövlətdir. Ölkənin milli təhlükəsizliyindən məsul olan yeganə nüfuz odur. Milli müdafiə üçün ordu yaradan, bu orduya dəstək olan və gücləndirən quruluş dövlətdir. Əlbəttə, heç bir xüsusi qurum və ya qeyri-hökumət təşkilatı qətiyyən belə bir rol oynaya bilməz.
Buna görə, ölkədə yaşayan hər bir vətəndaş dövlətinin güclənməsinə və yüksəlməsinə tərəfdar olmaq məcburiyyətindədir. Dövləti zəiflədən hərəkətlərə yol verən hər kəs özünün, ailəsinin və sevdiyi hər kəsin əleyhində hərəkət etmiş olar. Əgər başqa dövlətə xidmət etməyi hədəf tutarsa, onda adı “vətən xaini” olar.