“Bizim dövlətimiz dünyəvi dövlətdir, ancaq biz dindən ayrı deyilik”. HEYDƏR ƏLİYEV
Konstitusiyada ifadə edildiyi kimi, Azərbaycan
Respublikası dünyəvi dövlətdir. Dövlətin bu xarakteristikası
özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din
dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət
göstərir, bir-birlərinin işlərinə qarışmırlar. Azərbaycan
Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən,
Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin
dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud
olmaması: heç bir din məcburi müəyyən edilə bilməz.
İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini
etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar
Azərbaycan Respublikasının 18-ci maddəsində təsbit
olunmuşdur.
Dövlət və dini icmaların qarşılıqlı münasibətlərinə
toxunarkən konstitusiya bu müddəaları konkretləşdirməklə
yanaşı, aşağıdakı halları müəyyən edir:
Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir,
valideynlər və onları əvəz edən şəxslər qarşılıqlı razılıq
əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə
münasibətlərinə müvafiq olaraq tərbiyə edə bilərlər.
Dünyəvilik tarixdə və dövrümüzdə səhv başa
düşülmüş və səhv tətbiq olunmuş prinsipdir. Buna görə də
bu prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar.
Qeyd etmək lazımdır ki, dünyəvilik prinsipinin
əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir.
Dünyəvilik prinsipi dövlətimizin vətəndaşlarını bir dini
mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya
yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır
və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir
dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib
olduğu inanca görə yaşamaq imkanı əldə edir.
Diqqət yetirilsə, əslində dövlətimizin sahib olduğu
bu dünyəvilik modeli İslam dininə çox uyğundur. Çünki
İslam dini azad iradəni əsas şərt olaraq müəyyən edir.
Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz
azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra
da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və
ya qadağalardan (oğurluq, cinayət kimi ictimai cinayət
törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır.
Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən
əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar və təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə
ola bilməz. Yaxud da dünyəvi imtiyaz verilməklə şəxs
dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.
Bunun əksi olan bir dövlət modelindən bəhs edək.
Məsələn, insanların məcburi olaraq müsəlman və ya
xristian edildiyi bir ölkə təsəvvür edək. Bundan başqa, bu
dinlərə inananların dinlərin qaydalarına görə, yaşamaları
üçün məcbur edildiklərini fərz edək. Məsələn, qeyd edilən
dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya
kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin.
Yaxud da bir az daha “mülayim” üsuldan istifadə edib
namaz qılanlara və ya kilsəyə gedənlərə xüsusi dövlət
hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə
zidd dövlət olar. Bundan başqa, bir o qədər də dinə zidd
olar.
Bunun səbəbi zorla və ya mənfəət qarşılığında qəbul
edilən dini inancın, yaxud ibadətin İslama görə heç bir
dəyərinin olmamasıdır. Çünki inanc və ibadət yalnız Allah
üçün olduğunda dəyərlidir. Əgər dövlət insanları inanca
və ya ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən
qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul
olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə
dinin yaşanmasıdır.
Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik
prinsipi həm vicdan azadlığı kimi əsas insani dəyərə
xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən
İslam dini ilə uyğunlaşdığı üçün hər bir Azərbaycan
vətəndaşının mənimsəməsi və müdafiə etməsi lazım
olduğu bir prinsipdir.
